İBRAHİM TƏLƏT OĞLU MEHDİYEV

 

İbrahim Tələt oğlu Mehdiyev 5 iyun 1989-cu ildə Şəki rayonunun Qoxmuq kəndində ziyalı ailəsində anadan olmuşdur.

1995-2006-cı illərdə Şəki rayonunun Qoxmuq kənd tam orta məktəbində təhsil almışdır.

2006-2010-cu illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində bakalavr, 2010-2012-ci illərdə magistr dərəcəsi almış və universiteti fərqlənmə diplomları ilə bitirmişdir.

 2012-ci ildə ADAU-da 3103.06–Bitkilərin mühafizəsi ixtisası üzrə doktoranturaya qəbul olmuş və “Şəki-Zaqatala bölgəsinin payızlıq buğda əkinlərində göbələk mənşəli xəstəliklər və onlara qarşı inteqrir mübarizə üsullarının işlənməsi” mövzusunda elmi-tədqiqat işinə başlamışdır. 25 noyabr 2016-cı ildə dissertasiya işini ADAU-nun FD.04.131 dissertasiya şurasının iclasında müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 08 iyun 2017-ci il tarixli (protokol № 15-K) qərarına əsasən “aqrar elmlər üzrə fəlsəfə doktoru” elmi dərəcəsi verilmişdir.

36 elmi məqalənin müəllifidir. O cümlədən, 10 elmi məqaləsi Rusiya Federasiyasının  müxtəlif elmi jurnallarında, 1 elmi məqaləsi isə İtaliyada Beynəlxalq Fitopatologiya Təşkilatının elmi nəşrində dərc edilmişdir.

Azərbaycan Respublikasında karantin əhəmiyyətli zərərli orqanizmlər adlı Atlasın (Bakı, 2018, 505 s.) həmmüəlifidir.

2012-2017-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Şəki rayonlararası Bitkilərin Karantini Məntəqəsində aparıcı müfəttiş vəzifəsinə çalışmışdır.

2017-2018-ci illərdə Şəki Regional Aqrokimya Laboratoriyasında Bitkilərin ekspertizası şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2018-ci ilin avqust ayından noyabr ayınadək Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində Bitkiçilik sektorunun müdiri vəzifəsində çalışmışdır.

2018-ci ilin noyabr ayından Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki regional bölməsində Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun müdiri vəzifəsində çalışır.

Respublikada  keçirilən beynəlxalq seminarların fəal iştirakçısı olmuş və sertifikatlarla təltif olunmuşdur. Eyni zamanda 2017-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “MTF/AZE/007/STF–Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində 2 ay müddətində Türkiyə Respublikasında (SYMMIT) təşkil olunmuş təlimdə iştirak etmiş, nəzəri-praktiki kurs keçmişdir.

2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.